"AccessBank" bu ilin birinci rübünün yekununa dair maliyyə hesabatını açıqlayıb.
ONA-nın bankın hesabatına istinadən verdiyi məlumata görə, ilin əvvəli ilə müqayisədə birinci rübün sonuna bankın depozit portfeli 13,8% artaraq 570,112 mln. manata çatıb. Martın sonuna "AccessBank"ın xalis əməliyyat mənfəəti 17,339 mln. manat təşkil edib.
Ötən ilin analoji dövrü ilə müqayisədə yanvar-mart ayları ərzində bankın gəlirləri 6,2 dəfə artaraq 32,580 mln. manata yüksəlib.
Hesabat dövrünün sonuna bankın ani likvidlik əmsalı 91,3% təşkil edib ki, bu da normadan 3 dəfə çoxdur.
Baş tutan kapitallaşma prosesindən sonra bankın məcmu kapital 89,8 mln. manata çatıb və normanı 1,8 dəfə üstələyib. Bundan başqa, I dərəcəli kapitalın adekvatlıq əmsalı 9,36%, məcmu kapitalın adekvatlıq əmsalı isə 14,05% təşkil edib ki, bu da normadan müvafiq olaraq 1,9 dəfə və 1,4 dəfə çoxdur.
Bankın nizamnamə kapitalı 118,460 mln. manat artaraq 258,718 mln. manata çatıb.