"AGBank" bu ilin ilk rübünün yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
ONA bankın hesabatına istinadən xəbər verir ki, "AGBank" ilin ilk rübünü 531 min manat zərərlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83,5% azdır. Qeyd edək ki, ötən ilin ilk rübündə bankın zərəri 3,223 mln manat olub.
Bu ilin yanvar-mart aylarında bankın aktivləri ötən ilin analoji dövrü ilə müqayisədə 1,8% azalaraq 495,2 mln. manat təşkil edib. Həmçinin, bankın kredit portfeli də azalıb. Belə ki, ötən ilin ilk rübü ilə müqayisədə bu il bankın kredit portfeli 11,5% azalaraq 208,9 mln. manat olub.
Hesabat dövründə "AGBank"ın cəmi öhdəlikləri 3,6% azalaraq 443,7 mln. manata, o cümlədən depozit portfeli 4,5% azalaraq 221,2 mln manata, nizamnamə kapitalı isə 1,6% artaraq 103,8 mln manata çatıb.
Bu ilin ilk rübündə "AGBank"ın faiz gəlirləri 29,1% azalaraq 3,5 mln. manat, faiz xərcləri 10,2% azalaraq 4,3 mln manat, qeyri-faiz gəlirləri 31% artaraq 8,4 mln manat, qeyri-faiz xərcləri 3,4% azalaraq 8,5 mln manat təşkil edib.