İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2018-ci ilin dekabr ayında keçirilən “İcbari tibbi sığorta sisteminin Ağdaş rayonunda tətbiqinə dair ümumi əhalinin məmnunluğunun qiymətləndirilməsi üzrə sosioloji sorğu”nun nəticələrini açıqlayıb.
Agentlikdən ONA-ya verilən məlumata görə, 400 nəfər arasında aparılan sorğuda respondentlərin icbari tibbi sığortanın (İTS) tətbiqi haqqında məlumatlılıq səviyyəsi, İTS-nin tətbiqinə münasibəti, İTS çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsi, ödənişsiz tibbi xidmətlərə əlçatanlığı və s. öyrənilib.
Sorğuda iştirak edən respondentlərin əksəriyyətinin İTS-nin tətbiq olunmasına münasibəti müsbət olub (85,1%).
Sorğunun nəticələri onu deməyə əsas verir ki, Ağdaş rayonunda İTS çərçivəsində göstərilən tibbi xidmətlərdən ümumi əhalinin 89,7%-i məmnundur. Respondentlərin 73,7%-i tibbi xidmətlərin keyfiyyətini yüksək qiymətləndirib.
Sorğu zamanı respondentlər tərəfindən cibdən ödənişlərin ləğv olunması (76,7%), tibb müəssisəsinin sanitar-gigiyenik şəraiti (85,9%), ödənişsiz tibbi xidmətlərə (76%) və həyati vacib-dəyəri yüksək olan əməliyyatlara əlçatanlıq (69.5%) müsbət qiymətləndirilib.
İTS-nin tətbiqi dövründə Ağdaş rayonunda 15 Ailə Sağlamlıq Mərkəzi (ASM) fəaliyyət göstərməyə başlayıb. ASM-də olarkən göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinə gəldikdə sorğu nəticəsində məlum olmuşdur ki, respondentlərin 98,4%-i ailə həkimlərinin xidmətlərindən razıdır.
Sorğunun nəticələrinə əsasən, İTS-nin tətbiqindən sonra tibbi xidmətlər əldə etmək üçün maddi sıxıntı keçirən respondentlərin sayı kəskin şəkildə azalıb. Cərrahi əməliyyat olunan respondentlər arasında İTS-nin tətbiqindən əvvəlki və sonrakı dövrləri müqayisə etdikdə bu göstəricinin 67,8%-dən 13,5%-ə qədər endiyi müşahidə edilib. Respondentlərin maddi sıxıntı keçirməsi hallarının azalmasına səbəb isə pilot ərazilərdə rəsmi qeydiyyatda olan sakinlərin baza zərfinə daxil olan 1 829 adda tibbi xidmətdən ödənişsiz istifadə edə bilməsidir.