Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə ölkədə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) nümayəndələri arasında görüşlər keçirilib.
KOBİA-dan ONA-ya verilən məlumata görə, dövlət-özəl tərəfdaşlığına (PPP) dair təşkil olunmuş görüşdə bu sahədə beynəlxalq mütəxəssis Rina Alzate sözügedən tərəfdaşlıq üzrə tətbiq edilən modellərə dair geniş məlumat verərək, Azərbaycanda bu sahədə hüquqi-normativ və institusional inkişaf istiqamətində tədbirlər barədə fikirlərini diqqətə çatdırıb. Görüşdə, həmçinin, AİB nümayəndələri ilə Agentliyin strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin fəaliyyətinin səmərəli təşkili məqsədilə ekspert tərəfindən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaaqla hazırlanmış tövsiyə və təkliflər müzakirə edilib.
AİB-in İnfrastrukturun maliyyələşməsi, Cənubi, Mərkəzi və Qərbi Asiyada Özəl sektorda əməliyyatlar departamentinin direktoru Şantanu Çakrabortinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilmiş görüşdə isə Bankın nümayəndələrinə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar, yeni dəstək mexanizmləri, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verilib. Agentliyin strukturuna daxil olan Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzinin, kiçik və orta biznesin inkişafı fondlarının, həmçinin, biznes klasterlərin yaradılması istiqamətində mümkün əməkdaşlıq imkanlarının müzakirə edildiyi görüşdə özəl sektorun inkişafı sahəsində AİB-lə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, əlaqələrin inkişafı perspektivləri barədə fikir mübadiləsi aparılıb.