Azərbaycan Mərkəzi Bankı (AMB) dizaynı dəyişmədən dövriyyədə olan milli valyutanın modernizasiyası proqramını həyata keçirir. Burada başlıca məsələ pul nişanlarının müdafiə qabiliyyətinin artırılmasıdır. ONA xəbər verir ki, bunu AMB-nin sədri Elman Rüstəmov deyib.
O bildirib ki, bu istiqamətdə güclü texnoloji yeniliklər də var: "Bu, bizim 200 manatlıq əsginaslarda əksini tapıb, sözügedən əsginasın müasir müdafiə qabiliyyəti var”.
E. Rüstəmov onu da bildirib ki, Azərbaycanda bankomatların müdafiə səviyyəsi yüksəkdir – 200 min pulun içərisində 1 ədəd saxta pul düşür. Avropada 30 minə. Müqayisə üçün Rusiyada 130 minə 1 ədəd saxta pul düşür.
“Proses gedir, burada texniki problemlər çıxır. Yeni müdafiə elementlərini bankomatlarda olan köhnə proqramlar oxuya bilmir. 8-10 ay ərzində adaptasiya aparılacaq ki, may ayının sonunadək bankomatlarda yeni pul nişanlarına adaptasiya prosesi bitəcək”, - deyə AMB-nin rəsmisi bildirib.
“Bundan öncəki zamanlarda dövriyyədə yararsız pullar vardı. Amma hazırda yararsız pulları istifadəsinə qadağa qoymuşuq", - E. Rüstəmov əlavə edib.
AMB-nin sədri qeyd edib ki, hazırda dövriyyədə 8,3 milyard manat pul var: "İri pul nominalları pul kütləsinin 90%-ni təşkil edir. Məlum olduğu kimi, pullar dövriyyədə çox işləndikcə köhnəlir. 1 il ərzində 20 manatlıqların 60%-i, 1, 5, 10 manatlıqların isə 80%-i köhnəlir".
Sədrin sözlərinə görə, köhnəlmiş pullar Mərkəzi Bankda yenidən çeşidlənir, təmizlənir və dezinfeksiya olunur. Həmin pullar xəzinədə optimal rejimdə saxlandıqdan sonra dövriyyəyə buraxılır".