"Azərbaycanda Mərkəzi Bank tərəfindən hazırlanan blokçeyn infrastrukturu paylanmış reyestr texnologiyasına əsaslanmalıdır".
ONA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) baş informasiya inzibatçısı Fərid Osmanov "Maliyyə və Texnologiyalar Sammiti"ndə ("Fintex Summit") "Azərbaycanda blokçeynə əsaslanan ilk ekosistem" mövzusunda çıxışında bildirib.
Mərkəzi Bankın baş informasiya inzibatçısı deyib ki, bank sektorunda elektron qaydada müqavilələrin imzalanması nəzərdə keçirilir: "Gələcəkdə bank xidmətlərinin bu platforma üzərindən təqdim edilməsi də nəzərdə tutulur. Bank sistemində istifadə edilən məlumatlara malik dövlət qurumları ilə birgə İşçi qrupu yaradılıb. Bu işlərin görülməsi xarici tərəfdaşlar olmadan mümkün deyil və biz də "Lenovo", IBM kimi şirkətlərlə əməkdaşlıq edirik. Elektron Hökumət Portalına inteqrasiya edərək, müvafiq məlumatların maliyyə təşkilatlarına çatdırılması planlaşdırılır".
F. Osmanov qeyd edib ki, cari ilin sonuna qədər blokçeyn infrastrukturunun istifadəyə verilməsi nəzərdə tutulur: "Bu aspektdə üzün tanınması, yeni nəsil şəxsiyyət vəsiqələri, identifikasiya nömrələri kimi məsələlər tərəfimizdən araşdırılır. Yaradılan infrastruktur beynəlxalq tələb və standartlar nəzərə alınaraq hesablanır. Bu infrastruktur gələcəkdə digər ölkələrlə inteqrasiya nəzərə alınaraq hazırlanır".
AMB-nin baş informasiya inzibatçısı nəzərə çatdırıb ki, hazırda fəaliyyət planına uyğun olaraq müvafiq qurumlarla birgə iş aparılır: "Bank xidmətlərinin elektron qaydada blokçeyn üzərindən təqdim edilməsi əsas məqsədlərimizdən biridir".