Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları tərəfindən fiziki və hüquqi şəxslərə nağd pulla bağlı göstərilən xidmət səviyyəsinin yüksəldilməsi və bu sahədə çalışan kredit təşkilatlarının əməkdaşlarının potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 2019-cu il üzrə “Təlim Proqramı” təsdiq edilib.
ONA-nın AMB-yə istinadən verdiyi məlumata görə, təsdiq edilmiş “Təlim Proqramı” çərçivəsində cari ilin birinci rübü ərzində Mərkəzi Bank tərəfindən kredit təşkilatlarının paytaxtda və regionlarda, o cümlədən Gəncə və Naxçıvan şəhərlərində çalışan əməkdaşlarına ümumilikdə 15 təlim həyata keçirilib və bu təlimlərdə kredit təşkilatlarının 200-ə yaxın nümayəndəsi iştirak edib.
Təlimlər zamanı AMB-nin əməkdaşları tərəfindən pul nişanlarının saxtalaşdırılmasına qarşı mübarizə, milli pul nişanlarının dizayn və mühafizə elementləri, bank sistemində pulların ekspertizasının aparılması mövzularında seminarlar təşkil edilib və mövzularla bağlı geniş müzakirələr aparılıb.
Keçirilmiş təlimlər kredit təşkilatlarının nağd pulla əməliyyat aparan əməkdaşlarının milli pul nişanlarının mühafizə elementləri üzrə bilik səviyyəsinin artırılmasına və əhalinin nağd pulla bağlı müraciətləri zamanı pulların ilkin ekspertizasının aparılmasına effektiv təsirini göstərib.
Bu cür təlimlər pulların saxtalaşdırılmasının qarşısının alınmasında təsirli rol oynayır. Təsadüfi deyil ki, Mərkəzi Bank ilə kredit təşkilatları və hüquq mühafizə orqanları arasında birgə əməkdaşlıqla həyata keçirilən müvafiq tədbirlər nəticəsində beynəlxalq təcrübə ilə müqayisədə pulların saxtalaşdırılması səviyyəsi əhəmiyyətli dərəcədə aşağıdır.
Qəbul edilmiş “Təlim Proqramı”na uyğun olaraq növbəti rüblərdə də Mərkəzi Bank tərəfindən həm paytaxtda, həm də regionlarda analoji təlimlər həyata keçiriləcək.