Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Alim Quliyev Azərbaycanda səfərdə olan Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) regional meneceri Damien Şilsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
ONA-nın AMB-yə istinadən verdiyi məlumata görə, görüş zamanı IFC-nin Azərbaycandakı hazırkı və gələcək fəaliyyət proqramı, o cümlədən maliyyə infrastrukturu, elektron və rəqəmsal maliyyə xidmətləri ilə bağlı məsələlər müzakirə olunub.
A. Quliyev nümayəndə ölkədəki keçirilən iqtisadi islahatlar, islahatlar gündəliyinə uyğun olaraq Mərkəzi Bankın keçirdiyi layihələr barədə məlumat verib və beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən IFC ilə əlaqələrin önəmini diqqətə çatdırıb. Mərkəzi Bank və IFC arasında əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Nümayəndə heyətinin rəhbəri Damien Şils təmsil etdiyi qurumun Azərbaycanda fəaliyyətindən məmnunluğunu qeyd edib və IFC tərəfindən proqramların həyata keçirilməsində göstərdiyi dəstəyə görə Mərkəzi Banka öz təşəkkürünü bildirib. Ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkədə özəl sektorun dəstəklənməsinə hazır olduğunu qeyd edib.
Görüşdə həmçinin Mərkəzi Bank ilə IFC arasında əməkdaşlığın gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.