• İQTİSADİYYAT

    18:30 28 mart 2019

Aprelin 15-dən TANAP-ın Yunanıstanadək olan hissəsinin qazla doldurulmasına başlanılacaq

SOCAR prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri TANAP-ın İdarə Heyətinin Ankarada keçirilmiş toplantısında iştirak ediblər. Toplantıda TANAP layihəsinin hazırkı vəziyyəti müzakirə olunub.

ONA-nın SOCAR-a istinadən verdiyi məlumata görə, İdarə Heyətinə məruzə edilib ki, TANAP-ın Əskişəhərə qədər olan hissəsinin istismarı, Yunanıstan sərhədinə qədər olan hissəsinin isə inşası üzrə aparılan işlər qrafiki qabaqlayaraq irəliləməkdədir. Tikintinin qurudakı hissəsi tamamlanıb və həmin hissədə yekun sazlama işləri aparılır. Beləliklə, layihənin hər iki mərhələsi üzrə ümumi irəliləyiş artıq 99,5%-ə çatdırılıb. Layihənin qrafiki qabaqlamaqla icra olunması ilə yanaşı, inşaat işləri beynəlxalq keyfiyyət standartlarına uyğun görülmüş və təhlükəsizlik tələblərinə ən yüksək səviyyədə əməl edilib. Aprelin 15-dən etibarən TANAP kəmərinin Əskişəhərdən Yunanıstan sərhədinə qədər olan hissəsinin qazla doldurulmasına başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, TANAP qaz boru kəməri Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan üç böyük boru kəmərindən biri və SOCAR-ın Türkiyədəki ən böyük investisiya layihəsidir. Xatırladaq ki, TANAP boru kəmərinin Əskişəhərə qədər olan hissəsinin rəsmi açılışı 2018-ci il iyun ayının 12-də keçirilmiş və kommersiya məqsədli ilk təbii qaz 30 iyun tarixində bu kəmər vasitəsi ilə Türkiyə bazarına daxil olmuşdur. TANAP boru kəmərinin səhmdarları SOCAR və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin birgə müəssisəsi olan Cənub Qaz Dəhlizi QSC (51%), BOTAŞ (30%), BP (12%) və SOCAR Türkiye Enerji A.Ş (7%) şirkətləridir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR