Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərmanına əsasən, aprel ayının 1-dən bir çox sosial müavinətlər və Prezident təqaüdlərində orta hesabla 100%-lik artım həyata keçirildi. Bununla yanaşı, Prezidentin yeni təqaüd növləri tərtib edildi. Bu təqaüd növləri I qrup əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə, həmçinin müharibə veteranlarına şamil edilir. Bunu ONA-ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib.
Onun sözlərinə görə, bu günədək əmək pensiyası hüququ olmayan I qrup əlilliyi olan şəxslər təqaüdlə təmin edilirdilərsə, artıq Prezidentin fərmanına əsasən, əmək pensiyası alan I qrup əliliyi olan şəxslər də bu təqaüdlə təmin ediləcək.
"Fərmanın icrası ilə bağlı müvafiq işlər həyata keçirilir. Məsələ ilə bağlı böyük kompleks yanaşma var. Müəyyən normativ sənədlərin hazırlanması, texniki prosedurlar və s. işlər var ki, bütün bunlar vaxta bağlı olan məsələlərdi. Görülən işlərin nəticəsinə və planlara görə deyə bilərik ki, aprelin sonunadək bu işlər tam bitəcək və müvafiq normativ sənədlər tərtib olunduqdan sonra artımlar və yeni təqaüd növləri üzrə bütün ödənişlər vətəndaşların bank hesablarına aprelin sonunda köçürüləcək", - F. Talıbov bildirib.
Nazirliyin rəsmisi onu da bildirib ki, may ayından etibarən isə əlilliyi olan şəxslər, müavinət və təqaüd alan vətəndaşlar vəsaitlərini həmişə aldıqları gün alacaqlar.
Müavinət və təqaüd üzrə artım ödənişlərinə gəldikdə F. Talıbov bu məbləğlərin fiks olduğunu və onlardan heç bir sığorta haqqının tutulmadığını qeyd edib.