Milli Məclisin bu gün keçirilən plenar iclasında "Aqrar sığorta haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
ONA-nın məlumatına görə, qanun layihəsini Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov təqdim edib.
O bildirib ki, bu qanun Konstitusiyanın 94-cü maddəsinin birinci hissəsinin 27-ci bəndinə uyğun olaraq, Azərbaycanda aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanun layihəsi 4 fəsil, 21 maddədən ibarətdir.
Qanun layihəsinin 3-cü maddəsində (Aqrar sığorta sahəsində dövlətin vəzifələri) qeyd edilib ki, aqrar sığortanın həyata keçirilməsində dövlətin vəzifələri aşağıdakılardır:
1. Aqrar sığorta predmetlərini və aqrar sığorta risklərini müəyyənləşdirmək;
2. Aqrar sığorta sisteminin tətbiqinə nəzarət etmək və fasiləsizliyinin təmin edilməsi;
3. Aqrar sığorta sisteminin inkişafı və istifadəsinin təşviqi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək.
E.İbrahimov bildirib ki, sənəddə Aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı şərtlər açıqlanıb.
Qanun layihəsinin 15-ci maddəsində (Aqrar sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsi) qeyd edilib ki, aqrar sığorta haqqının bir hissəsinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi aşağıdakı şərtlər yerinə yetirildikdə həyata keçirilir:
1. Sığorta müqaviləsi qanunvericiliyə və sığorta qaydalarına uyğun bağlandıqda;
2. Sığorta haqqının aqrar sığortalı tərəfindən ödənilən hissəsi tam və ya sığorta qaydalarında nəzərdə tutulmuş hissə-hissə ödəniş formasının ilk hissəsi ödənildikdə;
3. Dövlət büdcəsinin vəsaiti hesabına aqrar sığorta haqqının bir hissəsinin maliyyələşdirilməsi hər büdcə ili üzrə qəbul edilən dövlət büdcəsi haqqında qanunlara uyğun olaraq həyata keçirilir.
4. Aqrar sığorta orqanı hər ayın sonunda sığorta müqavilələri üzrə sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsinin ödənilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş sənədləri müraciətlərə əlavə edir.
5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) sığorta haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsinin müraciətin daxil olduğu tarixdən 10 gün sonrakı iş günü müddətində aqrar sığorta orqanının müvafiq bank hesabına köçürülməsini təmin edir.
Sənəddə aqrar sığorta ilə bağlı digər məsələlər də əksini tapıb.
Müzakirələrdən sonra yeni qanun layihəsi I oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.