“Aqrar sığorta haqqında” qanun layihəsinə əsasən, aqrar sığorta mexanizminin tətbiqi üçün lazım olacaq dövlət subsidiyalarının həcmi açıqlanıb.
ONA-nın məlumatına görə, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aqrar sığorta haqqında” qanun layihəsinin müzakirəsi zaman Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, nazirlik bu sahədə ilkin hesablamalar aparıb.
M.Əliyev deyib ki, ilkin mərhələdə aqrar sığorta sahəsində idarəedici şirkət üçün 9 milyon manat nizamnamə kapitalına ehtiyac olacaq: “İllər üzrə sığorta haqlarını subsidiyalaşdırmaq üçün birinci il təxminən 8,5 milyon manat, ikinci il 10 milyon manat, sonrakı illər isə 12,5-13,5 milyon manata qədər artacaq. Ancaq aqrar sığortanın tətbiq olunduğu 10-cu ildən bu subsidiyanın həcmi azalmağa başlayacaq. Çünki artıq mexanizm özünümaliyyələşdirmə baxımından təmin edə biləcək”.