Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) “WorldFoood Azerbaijan 2019” sərgisində Qafqazda ilk dəfə olaraq 3-cü biotəhlükəsizlik səviyyəli mobil səhra laboratoriyası təqdim edilir.
Agentlikdən ONA-ya verilən məlumata görə, laboratoriya ölkədə heyvan və quş xəstəliklərinin alovlanması zamanı hadisə baş verən ərazidə operativ şəkildə nümunələr götürülərək 2-3 saat ərzində xəstəliyin aşkarlanması potensialına malikdir.
Bununla yanaşı, sərgidə səyyar baytar laboratoriyası da təqdim olunub. Laboratoriya xüsusi təhlükəli heyvan xəstəliklərinin diaqnostik müayinəsi üçün zəruri avadanlıqlarla təchiz edilib. Səyyar laboratoriya vasitəsilə ölkənin hətta ən ucqar dağ kəndlərində belə nümunənin yerində müayinəsi, xəstəliyin zamanında aşkarlanması mümkündür.
Sərgidə həmçinin Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida sahəsində fəaliyyət göstərən sahibkarlar üçün təklif edilən xidmətlər təqdim edilir. Eyni zamanda sərgidə B2B formatında görüşlərin keçirilməsi də nəzərdə tutulur.
Sərgi çərçivəsində 17 may tarixində 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçiriləcək.