• İQTİSADİYYAT

    13:23 17 aprel 2019

AQTA adından rüşvət alan növbəti dələduzun görüntüləri yayılıb

Aprelin 12-də Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 “Qaynar xətt”inə qurumun adından istifadə edən növbəti şəxslə bağlı şikayət daxil olub.

Agentlikdən ONA-ya verilən məlumata görə, araşdırma zamanı özünü AQTA əməkdaşı kimi təqdim edən şəxsin Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Zaqatala” kafesinin sahibindən qanunsuz olaraq 39 manat 80 qəpik pul alması ilə bağlı şikayət öz təsdiqini tapmışdır. Belə ki, kafenin sahibi tərəfindən əvvəlcədən mağazada quraşdırılmış kamerada həmin şəxsin video görüntülərinin olduğu müəyyən olunmuşdur.

AQTA görüntülərdə əks olunan həmin şəxsin Agentliyin əməkdaşı olmadığını bildirir və faktla bağlı qanunvericilik çərçivəsində tədbirlərin görülməsi üçün məlumatların hüquq-mühafizə orqanlarına göndərildiyini diqqətə çatdırır.

Agentlik sahibkarlara özünü qurumun əməkdaşı kimi təqdim edən şəxslərdən ilk növbədə xidməti vəsiqələrini və yoxlama haqqında müvafiq sənədi təqdim etmələrini tələb etməyi tövsiyə edir, hər hansı şübhəli məqam olduğu təqdirdə hüquq-mühafizə orqanlarına və ya Qida Təhlükəsizliyi Agentliyinin 1003 saylı "Qaynar xətt”inə məlumat verməyi xahiş edir.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR