Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Salyanda qida məhsulları sahəsində fəaliyyət göstərən sahibkarlar (fiziki və hüquqi şəxslər), habelə dövlət, bələdiyyə təşkilatları və qurumlarının iştirakı ilə maarifləndirmə tədbiri keçirib.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, tədbirdə AQTA-nın Regional bölmələr və tabeli qurumlarla iş sektorunun müdiri Elxan Əhmədov, AQTA-nın Qeydiyyat sektorunun müdiri Qismət Abbasov, AQTA-nın risklərin və böhran vəziyyətlərinin idarə edilməsi sektorunun böyük məsləhətçisi Gündüz Məmmədov və AQTA-nın Bakı regional bölməsinin rəis müavini Elşad Məmmədov və Qida Təhlükəsizliyi Agentliyi İnstitutunun (AQTİ) sahibkarlarla iş departamentinin aparıcı mütəxəssisi Vüsal Qocayev iştirak edib.
Tədbirdə çıxış edən AQTA-nın Qeydiyyat sektorunun müdiri Qismət Abbasov slaydşou təqdimatında sahibkarlara qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması və dövlət reyestrinin aparılması qaydalarını izah edib. Qeyd edilib ki, qida təhlükəsizliyi qeydiyyatı qida zəncirinin bütün mərhələlərini əhatə etməklə qida obyektlərində qida subyektləri tərəfindən həyata keçirilən təsərrüfat fəaliyyətinin mövcud olan norma və qaydalara uyğunluğunu müəyyənləşdirmək məqsədilə aparılan uçot və nəzarət sistemidir.
Tədbir iştirakçıları, həmçinin qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı normativ hüquqi baza, qida təhlükəsizliyi qeydiyyatına alınmaq üçün müraciət edilməsi və müraciətlərin qəbulu haqqında və digər məsələlər barədə də məlumatlandırılıb.
Daha sonra AQTİ-nin sahibkarlarla iş departamentinin aparıcı mütəxəssisi Vüsal Qocayev slaydşou təqdimatında Azərbaycan qida təhlükəsizliyi institutunun fəaliyyət istiqamətləri barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Sonda AQTA əməkdaşları sahibkarları maraqlandıran sualları cavablandırıblar.