İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, özəl sektora maliyyə dəstəyinin göstərilməsi istiqamətlərində tədbirləri davam etdirir.
Nazirlikdən ONA-ya verilən məlumata görə, bu məqsədlə növbəti işgüzar forum mayın 16-da Ağcabədi rayonunda keçirilib. Forumda Ağcabədi rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan bitkiçilik, tərəvəzçilik, cins heyvandarlıq, intensiv bağçılıq təsərrüfatlarının və quru meyvə istehsalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Tədbirdə İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxış edərək, sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən dövlət dəstəyi tədbirləri, Sahibkarlığın İnkişafı Fondunun özəl bölmənin inkişafında, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində gördüyü işlər barədə məlumat verib. Qeyd edilib ki, bu ilin ötən dövründə 378 sahibkarın ümumi dəyəri 158 mln. manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 38,7 mln. manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1 400-dən çox iş yerinin yaradılmasına imkan verir.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 1,2 mln. manatdan çox güzəştli kredit verilib. Verilən kreditlər heyvandarlıq, əkinçilik, bağçılıq və s. sahələrin inkişafına yönəldiləcək.
Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 14 000-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 581 mln. manat güzəştli kredit verilib.