• İQTİSADİYYAT

    17:23 3 iyun 2019

AZAL-ın "Boeing 737 MAX 8" təyyarələri üzrə müqaviləsinin icra vaxtı dəyişə bilər

“Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Boeing” korporasiyası arasında “Boeing 737 Max-8” təyyarələrinin alınmasına dair müqavilə üzrə danışıqlar davam etdirilir. İmzalanmış müqavilənin həyata keçirilməsinin 2019-cu ildən 2024-cü ilə keçirilməsi planlaşdırılır.

ONA-ya AZAL-dan verilən məlumata əsasən, müqavilə üzrə ilkin ödənişlər artıq olunmuşdur. Bu ödənişlər 2024-cü ildə “Boeing” korporasiyası tərəfindən nəzərə alınacaq.

Onu da qeyd edək ki, hal-hazırda yeni geniş füzelyajlı təyyarələrin alınması üçün “Boeing” şirkəti ilə danışıqlar aparılır.

Hələlik isə AZAL mövcud təyyarə parkından aktiv istifadə edəcək.

AZAL dünyada təyyarəqayırma sahəsində çalışan liderlərin – “Boeing”, “Airbus” və “Embraer” – təyyarələrindən istifadə edir.

Qeyd edək ki, bundan öncə AZAL sifariş verdiyi "Boeing 737 MAX 8" təyyarələrinin başqaları ilə əvəzlənməsini bildirmişdi. "737 MAX 8" təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğuğu kimi proses dayandırılmışdı.

AZAL "Boeing" korporasiyasından 10 "Boeing 737 MAX 8" tipli təyyarə sifariş edib.

Xatırladaq ki, son yarım il ərzində iki "Boeing 737 MAX" təyyarəsi qəzaya uğrayıb, nəticədə 346 nəfər həlak olub. Artıq dünyanın 30-dan çox aviaşirkəti bu təyyarə növündən istifadə etməkdən imtina edib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR