Bu ilin 1-5 may tarixlərində Nadi şəhərində (Fici adaları) Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının 52-ci illik toplantısı keçiriləcək. Bu barədə ONA-ya AİB-in Azərbaycan nümayəndəliyindən bildirilib.
Məlumata görə, tədbirdə AİB-in üzv ölkələrinin nümayəndələri iştirak edəcəklər. Azərbaycanı bu iclasda ölkənin maliyyə naziri Samir Şərifovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək: “AİB-in Direktorlar Şurasının 52-ci illik toplantısı çərçivəsində Samir Şərifovun bankın prezidenti, vitse-prezidentləri və digər rəhbər şəxsləri ilə görüşü nəzərdə tutulub. Görüş zamanı tərəflər AİB-lə Azərbaycan arasında mövcud əlaqələri və bu əlaqələrin bir qədər də genişləndirilməsi məsələlərini müzakirə edəcəklər”.
Ümumiyyətlə, tədbirdə 3 000 nəfərin, o cümlədən maliyyə nazirləri, mərkəzi bankların rəhbərləri, yüksək vəzifəli hökumət və özəl sektor nümayəndələri, həmçinin beynəlxalq təşkilatların nümayəndələrinin iştirak edəcəyi gözlənilir. İclas zamanı turizm, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi, qadın sahibkarlığı, bərpa olunan enerji mənbələri və s. məsələlər ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, 1966-cı ildə yaradılan AİB-in hazırda 67 üzvü var. Azərbaycan 1999-cu ildə AİB-ə üzv olub və bu vaxtdan etibarən AİB ölkə üzrə 4,61 mlrd. ABŞ dolları dəyərində kredit, zəmanət, qrant və texniki yardımı təsdiq edib. Hökumətin Milli İqtisadiyyat Perspektivi üzrə Strateji Yol Xəritəsinə dəstək olaraq AİB-in Azərbaycana qısa və orta müddətli yardımı dövlət sektorunun idarəetməsi, nəqliyyat və enerji, eləcə də şəhər yerlərinin infrastrukturu və özəl sektorun inkişafı sahələrində əməliyyatları ehtiva edəcək.