Azərbaycanda alternativ energetikanın inkişafına dair qanun layihəsi hazırlanır. ONA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov deyib.
Onun sözlərinə görə, bu sahədə aparılan işlər cari il ərzində bitəcəyi gözlənilir.
"Eyni zamanda bu sahənin inkişafı üçün xidmət edə biləcək müxtəlif təşviq mexanizmlər üzərində də işlər aparılır. Alternativ energetika bir sıra mühüm və mürəkkəb texniki məsələlərin həllini tələb edir. Hazırda biz onunla məşğuluq. Bir çox mötəbər xarici şirkətlərlə memorandumlar imzalanıb və bu memorandumlar çərçivəsində şirkətlərlə və eyni zamanda müxtəlif maliyyə institutları ilə geniş iş gedir, məsləhətləşmələr aparılır. Bu sahə çox həssas sahədir və dünya təcrübəsinə baxsaq görərik ki, bir çox ölkələr müəyyən səhvlərə yol verib, olduqca çətin yol keçiblər. Biz istəyirik ki, beynəlxalq aləmdə mövcud təcrübəni öyrənək və bizim alternativ energetikanın inkişaf yolunu olduqca qısa və müvəffəqiyyətli edək",- deyə nazir bildirib.