Bu gün Fici adalarında Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci İllik Toplantısı işini başa çatdırıb.
Maliyyə Nazirliyindən ONA-ya verilən məlumata görə, tədbir çərçivəsində Azərbaycan nümayəndə həyətinin rəhbəri maliyyə naziri Samir Şərifov bir sıra işgüzar görüşlər keçirib. Nazir AİB-in prezidenti Takehiko Nakao, bankın region üzrə vitse-prezidenti Şişin Çen, Mərkəzi və Qərbi Asiya Departamentinin rəhbəri Verner Lipax və Azərbaycanı bankın İdarə Heyətində təmsil edən avstraliyalı icraçı direktor Toni Makdonald ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərdə prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar proqramı və əldə edilmiş nailiyyətlər, ölkənin bank-maliyyə sisteminin möhkəmləndirilməsi, o cümlədən problemli kreditlərin həlli ilə bağlı qəbul edilən son qərarlar və sosial iqtisadi inkişaf göstəriciləri barədə məlumat verib. Eyni zamanda, ölkə rəhbərliyinin tapşırığına əsasən Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən AİB-in Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcəyini bəyan edib.
AİB-in prezidenti və digər rəsmilər Azərbaycanda aparılan islahatları təqdir edərək ölkənin sosial-iqtisadi göstəricilərinin qısa müddət ərzində yaxşılaşdırılmasını yüksək qiymətləndiriblər. Eyni zamanda, T.Nakao prezident İlham Əliyevə salamlarını və Azərbaycanın bankın donorları siyahısına qoşulmasına görə minnətdarlığını çatdırmağı xahiş edib.
Görüşlərdə bankın Azərbaycanda maliyyələşdirdiyi layihələrin icra vəziyyəti, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə genişləndirilməsi və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-ə 1999-cu ilin dekabrın 22-də üzv olub, 2015-ci ildə isə bankın Rəhbərlər Şurasının 48-ci illik toplantısına ev sahibliyi edib.