Azərbaycan Banklar Assosiasiyası (ABA) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bank sektoru adından müraciət edib.
ABA-dan ONA-ya daxil olan müraciətdə qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu iqtisadi siyasətin, köklü struktur islahatların nəticəsində, qlobal iqtisadi konyunkturada baş verən neqativ iqtisadi proseslərə baxmayaraq, ölkədə makroiqtisadi və maliyyə sabitliyi təmin edilib, iqtisadi artım bərpa olunub və iqtisadi inkişaf davam edib: “Ölkə vətəndaşlarının mənafeyi əsas tutularaq sizin tərəfinizdən imzalanmış, əhalinin ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə dövlət dəstəyini ehtiva edən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərman, devalvasiya nəticəsində borc yükü artmış şəxslərin rifah halının yaxşılaşdırılmasına, onların banklar qarşısında öhdəliklərinin icrasına dəstək olmaqla yanaşı, maliyyə-bank sisteminin dayanıqlı inkişafının təmin edilməsinə xidmət edəcək mötəbər bir sənəddir. Öz növbəmizdə, Fərmandan irəli gələn vəzifələrin layiqincə yerinə yetirilməsinə hazır olduğumuzu bildirməklə, göstərdiyiniz dəstəyə görə bütün bank ictimaiyyəti adından Sizə dərin təşəkkürümüzü bildiririk”.