Azərbaycandan olan sahibkarlar mayın sonunda Belarusda keçiriləcək beynəlxalq sərgi-yarmarka və iqtisadi forumda iştirak edə bilərlər.
ONA-nın Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (“Azpromo”) istinadən verdiyi məlumata görə, cari ilin mayın 23-26-da Belarusun Qomel şəhərində “Qomeldə bahar” adlı XX Beynəlxalq sərgi-yarmarkası, mayın 24-də isə XVI Qomel iqtisadi forumu keçiriləcək.
“Azərbaycan şirkətləri hər iki tədbirdə iştirak etməyə dəvət olunurlar”, - deyə “Azpromo”nun məlumatında bildirilir.
Forumda təşkil olunacaq sessiyalar aqrar-sənaye, mənzil-tikinti və nəqliyyat kompleksləri, ticarət, qida və iaşə xidmətləri, həmçinin orta və kiçik sahibkarlıq sahələrini əhatə edəcək.