• İQTİSADİYYAT

    16:39 30 may 2019

Azərbaycan Beynəlxalq Bankı ilə "Qazprombank" arasında əməkdaşlıq sənədi imzalanıb

Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Azərbaycan Beynəlxalq Bankı ilə Rusiyanın “Qazprombank”ı arasında əməkdaşlıq haqqında razılıq sənədi imzalanıb.

Azərbaycan Beynəlxalq Bankından ONA-ya verilən məlumata görə, Azərbaycan Beynəlxalq Bankı tərəfdən sənədi bankın İdarə Heyətinin sədri Abbas İbrahimov, “Qazprombank” tərəfdən isə bankın İdarə Heyəti sədrinin müavini Aleksey Belous imzalayıblar.

Razılıq sənədində ölkədə həyata keçirilməsi planlaşdırılan bir sıra investisiya və digər kommersiya layihələrində birgə iştirak məsələləri nəzərdə tutulur. Neft-kimya, neft-qaz emalı sənayesi, kənd təsərrüfatı, nəqliyyat, rabitə və s. bu kimi sahələrdə biznes layihələrinə maliyyə dəstəyi əməkdaşlığın prioritet istiqamətlərinə daxildir. Bundan başqa, banklar bu əməkdaşlıq çərçivəsində maliyyə məsləhətçiliyi xidmətləri, kapital bazarlarında iştirak, Azərbaycan və Rusiya arasında milli valyutalarda hesablaşmaların inkişaf etdirilməsi və s. bu kimi məsələlərə də diqqət göstərəcəklər. Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə müəssisəsi olan “ABB-Moskva”nın da bu əməkdaşlıq çərçivəsində “Qazprombank”la müəyyən layihələrdə birgə iştirakı nəzərdə tutulur.

Abbas İbrahimov bankın xarici maliyyə institutları ilə əlaqələrin inkişafına mühüm önəm verdiyini bildirib: “Biz xarici əlaqələrimizi daim inkişaf etdirir, yeni əməkdaşlıq imkanlarını hər zaman dəyərləndirməyə çalışırıq. Azərbaycanla Rusiya arasında geniş iqtisadi-ticari əlaqələr mövcuddur. Azərbaycan Beynəlxalq Bankı ilə Qazprombank arasında tərəfdaşlıq münasibətləri, həyata keçirilən birgə layihələrimiz, ümid edirik ki, bu əlaqələrə öz töhfələrini verəcək”.

“Azərbaycan MDB məkanının ən dinamik inkişaf edən ölkələrindən biridir. “Qazprombank” bu ölkə ilə uzunmüddətli işgüzar əlaqələrə və dost münasibətlərinə malikdir. Azərbaycan Beynəlxalq Bankı ilə geniş əhatəli maliyyələşdirmə layihələrinin həyata keçirilməsi təcrübə mübadiləsinə imkan verəcək və inkişaf üçün yeni fürsətlər yaradacaq”, - deyə Aleksey Belous qeyd edib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR