“Yuventus”un regional partnyoru olan Azərbaycan Beynəlxalq Bankı klubla birgə layihələrə start verəcək. Bu çərçivədə bank və klubun müştərək brendləşdirilmiş (cobrand) debet kartları buraxılacaq.
ONA-nın banka istinadən xəbər verir ki, özəl dizaynla hazırlanmış və üzərində Azərbaycan Beynəlxalq Bankı ilə “Yuventus”un loqoları olan bu kartlarla müştərilər istədikləri kart ödəniş əməliyyatlarını həyata keçirə biləcəklər. Kartların məhdud sayda hazırlandığını və ona böyük müştəri marağını nəzərə alaraq bank yaxın vaxtlarda bu özəl kartların əvvəlcədən satışını elan edəcək. Belə ki, qabaqcadan sifariş edən müştərilər bu kartın ilk sahibləri ola biləcəklər.
Bundan başqa, bankın sosial şəbəkələrdəki korporativ səhifələri üzərindən izləyicilər arasında maraqlı müsabiqələr keçiriləcək. Müsabiqə qaliblərinə üzərində “Yuventus”un birinci heyətindəki futbol ulduzlarının orijinal imzaları olan köynəklər hədiyyə ediləcək.
Azərbaycan Beynəlxalq Bankının Marketinq departamentinin direktoru Nigar Tahirova bildirib: “Bu layihələr, düşünürük ki, xüsusilə ölkəmizdəki “Yuventus” azarkeşləri arasında xoş bir sürpriz kimi qarşılanacaq. Regional partnyorluq çərçivəsində reallaşdırdığımız birgə layihələrlə sevimli klublarını “Yuventus” azarkeşləri üçün yaxın və əlçatan edəcəyik”.