• İQTİSADİYYAT

    12:36 19 aprel 2019

Azərbaycan Beynəlxalq Bankı e-kommersiya portalları üçün yeni xidmətini istifadəyə verib

Azərbaycan Beynəlxalq Bankı ölkədə elektron kommersiya xidmətləri ilə məşğul olan portallar üçün yeni imkan yaradıb. Bankın kartlarından istifadə etməklə bu portallar üzərindən onlayn sifarişləri indi daha tez, rahat və təhlükəsiz şəkildə yerinə yetirmək mümkündür.

ONA banka istinadən xəbər verir ki, bu xidmətə qoşulan portalların daimi istifadəçiləri öz kart məlumatlarını sistemə daxil edir və yaddaşda saxlayır. Ondan sonra hər dəfə onlayn sifarişlər zamanı ödənişi əlavə vaxt sərf etmədən, bir toxunuşla yerinə yetirmək mümkün olur.

Kart hesablarının təhlükəsizliyi beynəlxalq ödəniş sistemlərinin müəyyən etdiyi tələb və standartlar səviyyəsində qorunur. Hər ödəniş zamanı müştərinin mobil telefonuna 3D təhlükəsizlik kodu göndərilir. Əməliyyat yalnız kod daxil edildikdən sonra başa çatdırılır. Bu da kart hesablarını hər hansı arzuolunmaz hallardan tam sığortalayır.

Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu xidmətə ilk olaraq iticket.az portalı qoşulub. Bu xidmət digər potensial tərəfdaşlar üçün də açıqdır. Belə ki, ölkədə elektron xidmətlər göstərən istənilən təsərrüfat subyekti Azərbaycan Beynəlxalq Bankının təqdim etdiyi bu imkandan yararlana bilər. Ölkəmizdə elektron kommersiya fəaliyyəti göstərən bütün təsərrüfat subyektləri bu sistemə qoşulmaqla öz elektron ticarət portallarını daha da inkişaf etdirə bilər.

Xeybər

Teqlər:

SON XƏBƏRLƏR