• İQTİSADİYYAT

    12:57 10 aprel 2019

Azərbaycan Qazaxıstana böyük həcmdə kabel ixrac edəcək

Sumqayıt Texnologiyalar Parkı (STP) Qazaxıstana böyük həcmdə kabel məhsulları ixrac edəcək. Bunu ONA-ya STP-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Rəşad Əliyev deyib.

Onun sözlərinə görə, bu ölkəyə yaxın iki ay ərzində kabellərlə yüklənmiş 77 böyük tonnajlı yük maşınları (yevrofuralar) yola salınacaq.

“Ötən həftə Qazaxıstana 4 avrofura yola salındı, bu həftənin sonu isə əlavə olaraq 8-i də göndəriləcək. Qalan sifariş isə yaxın 2 ay ərzində yerinə yetiriləcək. Söhbət müxtəlif növ kabel məhsullarından gedir ki, onlar Qazaxıstanda tikilən mədəndə istifadə olunacaq. Qeyd edim ki, bu ölkədə artıq STP-nin öz nümayəndəliyi fəaliyyət göstərir”, - deyə R. Əliyev bildirib.

İxraca dair STP-nin gələcək planlarından söz açan müəssisənin ictimaiyyətlə əlaqələr üzrə meneceri qeyd edib ki, müəssisədə istehsal olunan bəzi məhsulların Səudiyyə Ərəbistanına da ixracı gözlənilir.

“Hazırda bu ölkə ilə həm dövlət, həm də şirkətlər səviyyəsində danışıqlar aparılır. Səudiyyə Ərəbistanın nümayəndələri STP-nin zavoduna baxış keçiriblər. Sonuncu aparılan görüşlərin nəticəsi olaraq, əməkdaşlığa dair ilkin razılıq əldə olunub və biz bu ölkədən növbəti dəfə daha böyük nümayəndə heyətinin gələcəyini gözləyirik. Bu görüş çərçivəsində əməkdaşlığa dair məsələlər daha ətraflı müzakirə olunacaq”, - deyə R. Əliyev qeyd edib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR