“Kəmər və Yol“ ikinci Beynəlxalq Əməkdaşlıq Forumu çərçivəsində Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov Çin Enerji Administrasiyasının rəhbəri Janq Cianhua ilə görüşüb.
ONA-nın Nazirliyə istinadən verdiyi məlumata görə, görüşdə “Kəmər və Yol” təşəbbüsü çərçivəsində əməkdaşlıq, iki ölkə arasında enerji sahəsində əlaqələrin genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılıb.
Nazir Pərviz Şahbazov deyib ki, Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 mln. ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır: “Ümid edirik ki, bu uğuru energetika sahəsi üzrə də davam etdirə bilərik”, deyə nazir bildirib. Görüşdə neft-qaz, neft-kimya, emal sənayesi, elektroenergetika və bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanları diqqətə çatdırılıb. Çin şirkətləri bərpa olunan enerji sahəsində iştiraka dəvət edilib.
Çin Enerji Administrasiyasının rəhbəri Jang Cianhua da enerji şirkətlərinin qarşılıqlı fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib. Bildirib ki, Çin Enerji Administrasiyası Azərbaycanın enerji sektorunda Çin şirkətlərinin fəaliyyətlərinin genişlənməsi, eləcə də bərpa olunan enerji sahəsində iştiraklarının təmin olunması istiqamətində çalışacaq.
Energetika naziri Pərviz Şahbazov iki ölkə arasında enerji sahəsində əməkdaşlıq potensialının dəyərləndirilməsi məqsədilə Çin Enerji Administrasiyasının rəhbərini Azərbaycana dəvət edib.