Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramı çərçivəsində Qida Təhlükəsizliyi Agentliyi ilə əməkdaşlıq edəcək. ONA-nın xəbərinə görə, bunu "Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş dəyirmi masada çıxış edən Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Onun sözlərinə görə, özünüməşğulluq proqramı çərçivəsində əhaliyə verilən aktivlərin 80%-i məhz heyvandarlıq, arıçılıq, bitkiçilik sahələrini əhatə edir.
"Biz Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əməkdaşlıq planı formalaşdırmışıq və birgə şəkildə verilən bütün aktivlərin düzgün qaydada yoxlanılmasını, onlara müvafiq arayışların, müvafiq xəstəliklərə qarşı qorunma təlimatlarına qədər birgə hazırlayıb təlimlərini genişləndirməyi düşünürük", - deyə nazir bildirib.
S. Babayev onu da qeyd edib ki, tərəflər arasında əməkdaşlıq həmçinin kadr potensialının yaradılmasını da əhatə edəcək. Belə ki, bu sahədə həm peşə təhsili, həm də peşə tədrisi çərçivəsində kadr potensialının genişləndirilməsi sahəsində Dövlət Məşğulluq Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi olaraq, həmçinin digər aidiyyəti qurumları cəlb edərək birgə işlər aparılacaq.