Bu ilin yanvar-fevral aylarında “Azexport.az” portalına 145,6 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. ONA-nın xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.
Onun sözlərinə görə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-fevral aylarında “Azexport.az” portalına daxil olan ixrac sifarişləri dəyər baxımından 22,3 faiz artıb.
"Bu ilin fevral ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 53,9 milyon ABŞ dolları təşkil edib və 2018-ci ilin fevral ayı ilə müqayisədə 16,3 milyon ABŞ dolları və ya 43,4 faiz artıb. 2019-cu ilin yanvar-fevral ayları ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Türkiyə (13%), Rusiya(12,4%), ABŞ (7%), Hindistan (7%) və Gürcüstan (5,9%) qərarlaşıb", - deyə R. Hüseyn qeyd edib.
Departament rəhbəri onuda bildirib ki, ümumilikdə isə 2017-ci ilin yanvar ayından 2019-cu ilin 28 fevral tarixinə kimi (26 ay ərzində) “Azexport.az” portalına dünyanın 123 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 134,7 milyon ABŞ dolları təşkil edib.
Həmçinin bildirilib ki, cari ilin mart ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 6,8 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-mart ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən sahibkarlara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 20,1 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.