Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Aqrar Ticarət Şirkəti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə birgə aqrar sahədə qadınların məşğulluğunun, onların informasiya, resurs və bazarlara çıxış imkanlarının artırılması, bununla da onların sosial-iqtisadi rifahının yaxşılaşdırılması məqsədilə AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsini həyata keçirəcək.
Dövlət Aqrar Ticarət Şirkətindən ONA-ya verilən məlumata görə, layihənin əsas məqsədi qadınlar tərəfindən istehsal olunan məhsulların satış bazarlarına çıxışının asanlaşdırılması, kənd təsərrüfatı sahəsində öz biznesini qura biləcək qadın sahibkarların formalaşdırılması, onların marketinq və satış sahəsində biliklərinin artırılması, qadınlar üçün kiçik istehsal müəssisələri və istixanaların yaradılmasıdır.
Layihə çərçivəsində qadın fermerlər üçün biznesin planlaşdırılması / biznesin inkişafı, liderlik, idarəetmə, marketinq, maliyyə savadlılığı və kənd təsərrüfatı ilə bağlı bacarıqların artırılması məqsədilə təlimlər keçiriləcək. Qadın fermerlərin aktiv şəkildə öz təcrübələrini bir-biri ilə bölüşməsi və əlaqə yaratmaları üçün onların vahid bir platformada birləşdirilməsi və həmin platforma üzərindən əməkdaşlıqların qurulması nəzərdə tutulur. Layihə zamanı kollektiv istehsal prosesləri üçün pilot fəaliyyətlərin həyata keçirilməsi məqsədilə kiçik istehsal müəssisələri və istixanalar yaradılacaq, davamlı təlimlər və texniki dəstəklə layihə inkişaf etdiriləcək.
Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM), yerli icra orqanları, yerli QHT-lər və fermer assosiasiyaları layihəyə cəlb olunaraq informasiya-məsləhət xidmətləri və təlim vermə bacarıqları ilə təmin ediləcək.
AFAQ layihəsində iştirak edəcək aqrar fəaliyyətli qadınlar Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən marketinq, logistika və anbar dəstəyi ilə də təmin olunacaq. Onların informasiya, istehsal və maliyyə resurslarına çıxış imkanları artacaq, onların iqtisadi və sosial fəallığının artırılması ilə kənd təsərrüfatı sahəsində gender bərabərliyinin təmin olunmasına, qadınların kənd təsərrüfatı və emal məhsullarının istehsalı sahəsində bilik və bacarıqlarının artırılmasına nail olunacaq.
AFAQ layihəsi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan Höküməti arasında imzalanmış Tərəfdaşlıq Proqramı çərçivəsində icra olunacaq. FAO-Azərbaycan Tərəfdaşlıq Proqramın əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri (DİM) və FAO-nun strateji məqsədlərinə müvafiq olaraq ev təsərrüfatlarının ərzaq təhlükəsizliyinə, kənd yerlərində dolanışıq səviyyəsinin yaxşılaşdırılmasına və yoxsulluğun azaldılmasına töhfə verməkdir.