Azərbaycan hökuməti “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi sahəsində son vəziyyəti açıqlayıb.
ONA-nın məlumatına görə, Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatda bildirilib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” 13 iyul 2016-cı il tarixli sərəncamına əsasən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edilib.
Hökumət nəzərə çatdırır ki, müəssisənin özəlləşdirilməsi prosesinə strateji investorların cəlb olunması məqsədilə polad istehsalı üzrə ixtisaslaşan 50-dən artıq şirkətə ünvanlı dəvət məktubları göndərilib. Müəssisəyə yerli şirkətlərlə yanaşı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Hindistandan olan potensial investorlar maraq göstərib. Bu məqsədlə xarici geoloq və mühəndislərin iştirakı ilə müəssisəyə yenində baxış keçirilib. Hesabatda qeyd edilir ki, hazırda “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsi istiqamətində həmin investorlarla imzalanmış konfidensiallıq haqqında sazişlər çərçivəsində danışıqlar davam etdirilir. Bu sahədə istehsalı mümkün olan son çeşid məhsullar müəyyənləşdirilib, dəmir filizi mədənlərinin bazasında xammaldan son məhsula qədər istehsal zəncirini ölkə daxilində təmin etmək üçün zənginləşdirici fabrikin, pələt, ardıcıl reduksiya, poladəritmə zavodlarının tikilməsi investorlar qarşısında tələb kimi qoyulub.
Hökumət bildirir ki, cəlb edilmiş məsləhətçi şirkətin tövsiyələri də nəzərə alınmaqla, müsabiqə komissiyasının qərarına əsasən müəssisənin özəlləşdirilməsi ilə əlaqədar aşağıdakı şərtlər müəyyən edilib:
- dövlət büdcəsinə ödəniş - 100 milyon manatdan az olmayaraq;
- İnvestisiya Proqramı – 5 il ərzində xammaldan hazır məhsuladək istehsal klasterinin qurulması məqsədilə 600 milyon dollardan az olmayaraq;
- iş yerlərinin yaradılması - 1000 iş yerindən az olmayaraq;
- dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarına olan borcların ödənilməsi – 6,5 milyon manat.