Azərbaycanda mart ayı üzrə gündəlik neft hasilatı 798 min barel olub. Energetika Nazirliyindən ONA-ya verilən məlumata görə, bunun 714 min barelini xam neft, 84 min barelini kondensat təşkil edib. Gündəlik 586 min barel xam neft, 84 min barrel kondensat, 19,7 min barel isə neft məhsulları ixrac edilib.
Energetika Nazirliyi mart ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.
Qeyd edək ki, cari ilin I rübü ərzində orta gündəlik neft hasilatı 799 min barel təşkil edib. 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin 5-ci görüşündə neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması ilə bağlı razılıq əldə olunub. Yeni qərara əsasən, 2019-cu ilin yanvar ayından etibarən Azərbaycan gündəlik hasilatın təxminən 20 min barel azaldılması ilə bağlı öhdəlik götürüb.