Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan məhsulları Moskvada keçirilən “MosBuild 2019” beynəlxalq tikinti və inşaat materialları sərgisində nümayiş olunur.
ONA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paytaxtın “Crocus Expo” sərgi kompleksində 147,5 kvadrat metr sahədə Azərbaycanın 10 şirkəti məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində təqdim edir.
Sərgidə Azərbaycanı “İdea”, "Mətanət A”, BKN, “Bosson”, STP, “SemSan”, “NB Group”, “Fəxrəddin-K”, “Karvan L” və “CMT Group” şirkətləri təmsil edir. Azərbaycan şirkətləri sərgi iştirakçılarına kərpic, boya, sement, bağ mebeli, kabel, plastik borular və fitinqlər və s. təklif edirlər. Sərgi çərçivəsində potensial müştərilərlə görüşlər keçirilir, məhsulların ixracına dair müzakirələr keçirilir, yeni məhsullarının təqdimatı aparılır.
Qeyd edək ki, “MosBuild” sərgisi bu il 25-ci dəfə təşkil olunub. Sərgidə dünyanın 40 ölkəsindən 1200-dən çox şirkət iştirak edir. Aprelin 2-dən 5-dək davam edəcək sərginin təşkilatçıları geniş işgüzar proqram hazırlayıblar. Sərgi çərçivəsində keçiriləcək 90 biznes tədbirdə 240 mütəxəssis çıxış edəcək. Azərbaycan həm də "MosBuild" sərgisinin qeydiyyat sahəsinin sponsorudur.