Azərbaycan mütəxəssisləri yeni texnologiya vasitəsilə orqanik gübrə əldə ediblər.
ONA-nın xəbərinə görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin protokol sektor müdiri Toğrul Qafarbəyli deyib.
Onun sözlərinə görə, söhbət iri və xırda buynuzlu mal-qaranın sümüyündən əldə olunan orqanik gübrədən gedir.
"Bu texnologiya Azərbaycanda hazırlanıb və yaxın vaxtlarda onun tətbiqinə başlanacaq. Bu texnologiya Bakıda keçiriləcək "Caspian Agro 2019" beynəlxalq kənd təsərrüfatı sərgisində nümayiş olunacaq", - deyə T. Qafarbəyli qeyd edib.
Nazirliyin sektor müdiri həmçinin bildirib ki, sərgi çərçivəsində baytar.az portalı da təqdim olunacaq ki, onun vasitəsilə hər bir fermer baytarlara birbaşa münasibət qurub yaranacaq suallara cavab ala biləcəklər.
"Sərgidə həmçinin süni intellekt vasitəsilə hazırlanan yeni mobil əlavə nümayiş olunacaq. Bu proqram vasitəsilə fermerlər məhsullarda ya bitkilərdə aşkarlanan xəstəliklərin şəkillərini çəkərək onlar barədə ətraflı məlumat əldə edə biləcəklər", - deyə T. Qafarbəyli bildirib.