• İQTİSADİYYAT

    10:59 9 dekabr 2020

Azərbaycan ötən ay "OPEC+" üzrə öhdəliyini 100% yerinə yetirib

Bu ilin noyabr ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 686,2 min barel olub. Bunun 587 min barelini xam neft, 99,2 min barelini isə kondensat təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Energetika Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Bununla da Azərbaycan noyabr ayında "OPEC+" üzrə xam neft hasilatını orta günlük 587 min barel həcmində icra etməklə, "OPEC+" üzrə öhdəliyini 100% yerinə yetirib.

Qeyd edək ki, 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust - 31 dekabr tarixlərini əhatə edir.

Cari ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq ölkəmiz tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, 2021-ci ilin yanvar ayında ölkə üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR