Ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 29 610,8 mln. kubmetr qaz nəql edilib ki, bu da əvvəlki illə müqayisədə 7,6% çoxdur.
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, qazın nəqlinin 41,4%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Belə ki, bu kəmərlə 12 267,7 mln. kubmetr qaz ötürülüb (2019-cu ilin göstəricisi ilə müqayisədə 17,8%-lik artım).
Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.
Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri 1-i Azərbaycanda, 3-ü Gürcüstanda olmaqla 4 qaz təhvili stansiyasına malikdir.