“Xəzər Neft-Qaz Sərgisinin “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış sazişə də çox böyük dəstəyi olub”.
ONA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında çıxışı zamanı deyib.
Prezident vurğulayıb ki, o saziş məhz 1996-cı ildə keçirilmiş sərgi zamanı imzalanıb: “O vaxt “Şahdəniz” yatağına xarici investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Çünki xarici şirkətlərin əsas hissəsi neft yataqlarına daha böyük maraq göstərirdi. Çünki mənfəət baxımından əlbəttə ki, bu, daha cəlbedicidir. Qaz yataqlarına isə maraq o qədər də böyük deyildi. O vaxt bütövlükdə qaz amili enerji təhlükəsizliyi baxımından o qədər də böyük əhəmiyyət kəsb etmirdi. Buna görə “Şahdəniz” yatağı üzrə imzalanmış kontraktın da ölkəmiz üçün çox böyük faydası oldu və bu gün biz bunun xeyrini görürük. Çünki bu gün “Şahdəniz”dən çıxarılan qaz həm daxili bazara göndərilir, eyni zamanda, bizim ixrac potensialımızı artırır. “Şahdəniz” bu gün Cənub Qaz Dəhlizinin resurs bazasıdır. Məhz “Şahdəniz” yatağının mövcudluğuna, yatağın işlənilməsinə görə bu gün nəhəng Cənub Qaz Dəhlizi layihəsi icra edilir”.
Azərbaycan Prezidenti qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə imzalanmış kontraktlar tarixi əhəmiyyət daşıyır: “Ondan sonra da kontraktlar imzalanıb. Onların bəzilərinə xitam verildi. Çünki biz beynəlxalq təcrübədə də kifayət qədər tez-tez bu vəziyyətlə rastlaşırıq ki, qazma işləri aparılır, amma kifayət qədər mənbə aşkar olunmur. Amma yenə də deyirəm, “Şahdəniz” və “Azəri-Çıraq-Günəşli” bizim neft-qaz sektorumuzun əsas hissəsini təşkil edir. Əlbəttə ki, növbəti mərhələdə neft-qaz kəmərlərinin tikintisi məsələsi gündəliyə çıxıb və bu məsələ də uğurla həll olundu. Hesab edirəm ki, bu da tarixi layihədir. 2006-2007-ci illərdə nəhəng neft-qaz kəmərlərinin istifadəyə verilməsindən sonra Azərbaycanın böyük ixrac imkanları olub və Xəzər dənizindən çıxarılan neft-qaz həm daxili bazara, həm də ki, xarici bazarlara göndərilməyə başlanılıb. “Əsrin kontraktı”nın əhəmiyyəti, eyni zamanda, onda idi ki, ilk dəfə olaraq Xəzər dənizinə xarici neft şirkətləri dəvət olundu və onlar Xəzər dənizinin zəngin neft-qaz yataqlarının işlənilməsi ilə məşğul olmağa başladılar. İxrac neft-qaz kəmərlərinin tikintisindən sonra əlbəttə ki, Azərbaycan yeni mərhələyə qədəm qoydu və digər yataqlar üzrə danışıqlar aparılmağa başlanıb. Onların bir neçəsi artıq qüvvədədir və hesab edirəm ki, yaxın illərdə biz yeni yataqlardan enerji resurslarımızı hasil edəcəyik”.