• İQTİSADİYYAT

    11:06 11 aprel 2019

Azərbaycan qaz bazarlarında mövqeyini gücləndirir

Azərbaycan təbii resursları, daşıma infrastrukturu və emal imkanları ilə dünyanın təkcə neft deyil, həm də təbii qaz bazarlarında mövqeyini gücləndirir. ONA-nın məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən 1 il keçməsini şərh edərək bildirib.

V. Qasımlının sözlərinə görə, 2018-ci ildə rəsmi açılışları olan Cənub Qaz Dəhlizi və onun bir hissəsi olan TANAP 1,2 trilyon kubmetr ehtiyata malik olan “Şahdəniz-2” qaz yatağından “mavi yanacağın” Türkiyə, Gürcüstan və Avropaya nəqlinə imkan verəcək.

“Bu isə Azərbaycanın Avropada enerji təhlükəsizliyi, iqtisadi artım, yeni iş yerlərinin yaradılması, habelə ətraf mühitin qorunması siyasətinə verdiyi töhfədir. Beləliklə, Azərbaycan təbii resursları, daşıma infrastrukturu və emal imkanları ilə dünyanın təkcə neft deyil, həm də təbii qaz bazarlarında mövqelərini gücləndirir”, - deyə V. Qasımlı qeyd edib.

Onun sözlərinə görə, 2018-ci ildə “Enerjinin İpək yolu” adlanan TANAP-ın açılışı ilə yanaşı Azərbaycan Prezidenti Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışını etdi. Prezident İlham Əliyevin 2018-ci ildə xeyir-dua verdiyi layihələrdən biri - Türkiyədə “Petkim” neft-kimya kompleksinin ərazisində inşa olunan “Star” neft emalı zavodu (NEZ) qardaş ölkənin ilk Xüsusi Sənaye Zonası elan edilib: "Bu müddət ərzində “SOCAR karbamid”, “SOCAR Polymer” kimi iri layihələr uğurla icra edildi. Öz növünə və miqyasına görə müstəqil Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən nəhəng layihə olan “SOCAR Polymer” daxili bazarın tələbatını tam ödəməklə yanaşı qeyri-neft sektorunun ixrac gəlirlərimizi 15% artıracaq. Həmçinin 2018-ci ildə üzv ölkələrinə regional və kontinental bazarlara çıxışı şaxələndirmək imkanı verən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə marşrutu üzrə Lazurit dəhlizi (Lapis-Lazuli) ilə yükdaşımalara başlanıldı”.

Emil

Teqlər:

SON XƏBƏRLƏR