Bu gün Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün açılış mərasimi keçirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, açılış mərasimində Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin, Dağıstanın rəhbəri Vladimir Vasilyev, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov iştirak ediblər.
Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayı üzərində inşa olunan avtomobil körpüsünün istifadəyə verilməsi beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində yükdaşımalarının artırılması üçün imkanları genişləndirəcək.
Onun sözlərinə görə, Samur çayı üzərindən keçən körpü “Şimal-Cənub” və “Şimal-Qərb” nəqliyyat dəhlizlərinin mühüm bir hissəsidir. Son 10 ayda “Şimal-Cənub” marşrutu ilə daşımalar 60%-dən çox, “Şimal-Qərb” marşrutu üzrə nəqliyyat vasitəsi ilə 53% artıb: “Bu körpünün istifadəyə verilməsi ilə biz təkcə ölkələrimiz arasında deyil, eyni zamanda beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində yük daşımalarının artırılması üçün imkanları genişləndirəcəyik”.
Qeyd edək ki, Samur çayı üzərində körpünün inşası layihəsi Rusiya və Azərbaycan hökumətləri arasında 2013-cü ilin avqustunda imzalanmış razılaşma çərçivəsində həyata keçirilir. Yeni körpü, 1957-ci ildə tikilən mövcud körpünü əvəz edəcək. Körpünün uzunluğu 325,3 metr, eni 17,5 metrdir. Layihənin dəyəri 36,5 milyon manatdır (təxminən 21,5 mln. ABŞ dolları). Rusiya və Azərbaycan tikintini bərabər şəkildə maliyyələşdirilib.