• İQTİSADİYYAT

    16:14 29 aprel 2019

ARDNF son bir ildə "Şahdəniz"dən gəlir əldə etməyib

"Şazdəniz" qaz-kondensat yatağının işlənilməsi çərçivəsində hasil edilən qazın satışından Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) ümumi gəlirləri 2,506 mlrd. ABŞ dolları təşkil edib. Bu barədə ONA-ya ARDNF-dan verilən məlumatda deyilir.

"Şahdəniz" yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər 2007-ci ildən etibarən bu ilin aprelin 1-nə 2,506 mlrd. dollar təşkil edib.

Fondan həmçinin bildirilib ki, "Şahdəniz" layihəsi çərçivəsində SOCAR və alıcılar arasında qazın alqı-satqısı üzrə sazişlər mövcuddur. Həmin sazişlər üzrə müvafiq illik qaz həcmləri müqavilələşdirilib: "Sözügedən müqavilələşdirilmiş qaz həcmlərinin SOCAR tərəfindən artıq həcmdə alışı səbəbindən dövlətin payına düşən gəlirlər həmin artıq həcmlərin alışına yönəldilib və bu səbəbdən ARDNF-a layihə üzrə gəlirlər daxil olmayıb".

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

Ötən il "Şahdəniz" üzrə fəaliyyətlərə 578 mln. dollardan çox əməliyyat xərcləri və təqribən 1,44 mlrd. dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti "Şahdəniz-2" layihəsinə aiddir. Ötən il yataqdan 11,5 mlrd. kubmetr qaz və 2,5 mln. ton (təqribən 20,5 mln. barel) kondensat hasil edilib.

Xatırladaq ki, 2018-ci ildə "Şahdəniz" yatağından ümumi qaz hasilatının 100 mlrd. kubmetrə çatması qeyd edilib. Bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığının və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyünün elan edildiyi vaxtdan tam 12 il sonra – dekabrın axırlarında əldə edilib.

Emil

Teqlər:

SON XƏBƏRLƏR