• İQTİSADİYYAT

    15:30 29 aprel 2019

Azərbaycan sahibkarları üçün bir sıra ölkələrə ixrac missiyaları təşkil olunacaq

Bu il ərzində Rusiya, Çin, Avropa ölkələri, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanına Azərbaycan sahibkarlarından ibarət ixrac missiyaları təşkil olunacaq. Bunu ONA-ya Azərbaycan İqtisadiyyat nazirin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, qeyd olunan istiqamətlər Azərbaycan üçün ənənəvi və eyni zamanda hədəf bazarlar sayıldığı üçün bu ölkələrə ixrac missiyalarının təşkili davam etdiriləcək.

"Cari ilin əvvəlindən beş ixrac missiyası təşkil olunub. MDB ölkələri, xüsusilə Qazaxıstanda Azərbaycanın Ticarət Evi açılandan sonra, bu ölkəyə də müntəzəm şəkildə ixrac missiyaları təşkil ediləcək ki, bu da qeyri-neft məhsullarını, xüsusilə Azərbaycanın ənənəvi ixrac məhsullarını bu bazara çatdırılması üçün əlverişli şərait yaradacaq. Eyni zamanda biz xarici ölkələrdə təşkil olunan sərgilərdə vahid ölkə stendi ilə də iştirak edirik. Qazaxıstanda artıq böyük belə bir sərgidə iştirak etmişik və bundan sonra da iştirak edəcəyik", - deyə R. Məmmədov qeyd edib.

Nazir müavini onu da vurğulayıb ki, Azərbaycan ixracatçıları cari ilin sonunadək Çində, Almaniyada və Rusiyada keçirilən sərgilərdə də təmsil olunacaqlar.

"Bu, kifayət qədər önəmli mexanizmdir və bu mexanizm vasitəsilə bizim sahibkarlar, istehsalçılar və ixracatçılar qeyd olunan bazarlara çıxışlarını daha da genişləndirəcək, yeni tərəfdaşlar taparaq ixracı təşkil edəcəklər", - deyə R. Məmmədov bildirib.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR