• İQTİSADİYYAT

    13:00 22 mart 2019

Azərbaycan qlobal startap müsabiqəsinin final mərhələsində iştirak edir

22-23 mart 2019-cu il tarixində Türkiyənin Bursa şəhərində Uludağ İqtisadi Zirvəsinin 8-ci toplantısı və bu tədbir çərçivəsində “Stars of Region” adlı qlobal startap müsabiqəsi keçiriləcək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ONA-ya verilən məlumata görə, Türkiyənin ən önəmli biznes və iqtisadi tədbirlərindən olan Uludağ İqtisadi Zirvəsi 2012-ci ildən təşkil olunur. Tədbirdə hər il Türkiyə və dünyanın müxtəlif ölkələrindən olan dövlət qurumlarının, özəl sektorun nümayəndələri və investrolar iştirak edir.
“Stars of Region” qlobal startap müsabiqəsinin şərtlərinə görə ilk onluğa daxil olan startaplar zirvə çərçivəsində öz məhsul və həlləri barədə investorlar qarşısında təqdimat etmək, ilk üçlüyə daxil olan startaplar isə investisiya almaq imkanı əldə edəcəklər.
Azərbaycan startapların bu müsabiqədə iştirak etməsi üçün nazirlik tərəfindən müvafiq iş aparılıb və 30-dan artıq startap layihəsi müsabiqədə iştirak üçün qeydiyyatdan keçib.
Nazirliyin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İnnovativ Biznes Proqramının iştirakçısı olan “Hotel Race” startapı beynəlxalq müsabiqəyə qatılan mindən artıq startap arasından final mərhələsinə ilk onluğa seçilib və zirvə çərçivəsində öz məhsul və həlləri barədə investorlar qarşısında təqdimat etmək imkanı qazanıb.
“Hotel Race” startapının əsas məqsədi informasiya texnologiyalarının tətbiqi ilə hotellər üçün innovativ idarəetmə həllərinin və digər analitik həllərin hazırlanmasıdır.
Qeyd edək ki, nazirliyinin nümayəndəsi ilk dəfə olaraq beynəlxalq startap müsabiqəsinin münsiflər heyətində təmsil olunacaq. Belə ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktoru vəzifəsini icra edən Azər Bayramov Uludağ İqtisadi Zirvəsi tədbirinin təşkilatçıları tərəfindən startap müsabiqəsinin münsifi seçilib.
Müsabiqənin münsiflər heyəti final mərhələsinə daxil olmuş startaplar arasından ilk 3 yer üzrə qalibləri müəyyənləşdirəcək.

Hüseyn

Teqlər:

SON XƏBƏRLƏR