Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə ölkəmizdə səfərdə olan BMT İnkişaf Proqramının (UNDP) rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru xanım Miryana Eqqerlə görüşüb.
Nazirlikdən ONA-ya verilən məlumata görə, görüşdə startap layihələrinin reallaşdırılması, Yevlaxda inşası davam etdirilən ehtiyat DATA mərkəzi, yaradılması nəzərdə tutulan innovasiyalar laboratoriyası və innovasiyalar mərkəzi üzrə texniki və ekspert dəstəyi məsələləri müzakirə olunub. Eyni zamanda, İKT sahəsində həyata keçirilən işlərə UNDP tərəfindən ixtisaslı ekspert dəstəyinin göstərilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.
Qonaqları salamlayan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə UNDP ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini, bütün sahələrdə olduğu kimi, İKT sahəsində da qarşılıqlı əlaqələrin genişləndiyini vurğulayıb.
Ölkəmizdə İKT sahəsinin inkişafı üzrə aparılan islahatlar, həyata keçirilən milli və regional layihələrdən söz açan nazir Azərbaycanın təşəbbüskarı olduğu beynəlxalq layihələrə BMT tərəfindən göstərilən dəstəyi yüksək qiymətləndirib.
Azərbaycanda İKT sahəsində həyata keçirilən uğurlu layihələrin vacibliyinə toxunan UNDP rəsmisi, təşkilatın Azərbaycanla qurulan əməkdaşlıq istiqamətlərini daha da genişləndirmək niyyətində olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən xanım Eqqer, ölkəmizlə uzunmüddətli tərəfdaşlığın faydalarından bəhs edib.
Daha sonra görüşdə İKT sahəsində əməkdaşlıq perspektivləri, eyni zamanda bir çox məsələlər ətrafında fikir mübadiləsi aparılıb.