Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) analoji qurumu olan Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumu arasında əməkdaşlıq genişlənir.
ONA-nın KOBİA-ya istinadən verdiyi məlumata görə, Dubayda ənənəvi olaraq keçirilən İllik İnvestisiya Toplantısı çərçivəsində təşkil olunmuş görüşdə bu istiqamətdə müzakirələr aparılıb.
8-ci İllik İnvestisiya Toplantısında iştirak edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumunun baş icraçı direktoru Abdul Baset Əl-Canahi arasında keçirilmiş görüşdə tərəflər əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib, əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsi aparıblar. Azərbaycanın və BƏƏ-nin KOB subyektləri arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi, bu məqsədlə KOBİA və Dubayın Kiçik və Orta Sahibkarlıq üzrə İnkişaf Qurumu arasında əlaqələrin genişləndirilməsi, KOB-ların iştirakı ilə Bakıda birgə tədbirin təşkili, BƏƏ investisiyaları əsasında ölkəmizdə birgə layihələrin reallaşdırılması görüşün başlıca müzakirə mövzularından olub.
Qeyd edək ki, aprelin 8-də Dubayda öz işinə başlamış 8-ci İllik İnvestisiya Toplantısı sahibkarlığın inkişafı üçün investisiya imkanlarının, sərmayələrin təşviqi tendensiyalarının və bu sahədə əməkdaşlığın müzakirə olunması, təcrübə mübadiləsi və yeni əlaqələrin qurulması baxımından əlverişli platformadır. Bu ilki toplantıda 140-dan çox ölkədən 10 mindən artıq dövlət və özəl qurumların nümayəndələri, ekspertlər və tanınmış alimlər iştirak edir.