İran və Azərbaycan arasında məhsulların tranziti elektron qaydada həyata keçiriləcək. ONA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran Gömrük İdarəsinin başçısı Əbulfəzl Əkbərpur Tehrana səfər etmiş Azərbaycan gömrük nümayəndələri ilə görüşdən sonra jurnalistlərə açıqlayıb.
Onun sözlərinə görə, iki ölkə arasındakı gömrük məntəqələrində tranzit məhsulların sənədlərini kağızla həyata keçirilməsi prosesi dayandırılıb. İran gömrüyü tranzit məhsulları üçün prosesin sadələşdirilməsi, təhlükənin azalması və elektronlaşdırmanın sürətlənməsi üçün "Elektron dəstək" layihəsini istifadəyə verib.
"Bu layihə dünyada ilk dəfə İran gömrüyü tərəfindən həyata keçirilib. Sistem ilk dəfə mövcud infrastrukturu nəzərə alaraq İran və Türkiyə gömrüyündə quraşdırılıb. Tranzit məhsullarının elektronlaşdırılması sahəsində İran gömrüyünün əldə etdiyi nailiyyətdən sonra Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) bu sistemi digər ölkələrdə də icra edib", - deyə Ə. Əkbərpur bildirib.
Ə. Əkbərpur onu da əlavə edib ki, "Elektron dəstək" layihəsi pilot layihə olaraq İranın 6 gömrüyü və Azərbaycanın 5 gömrüyündə bir sıra testlərdən sonra icra olunacaq.