• İQTİSADİYYAT

    14:47 6 may 2019

Azərbaycan və Rusiyanın dəmir yolları əməkdaşlığı genişləndirəcək

Azərbaycan və Rusiya dəmir yolları arasında əməkdaşlığın inkişafı barədə memorandum imzalanıb.

"Azərbaycan Dəmir Yolları" QSC-dən ONA-ya verilən məlumata görə, QSC-nin sədri Cavid Qurbanov və "Rusiya Dəmir Yolları" ASC-nin baş direktoru və idarə heyətinin sədri Oleq Belozyorov imzalayıblar.

Memorandum Avrasiyadakı beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı və istismarı, o cümlədən xarici iqtisadi əlaqələrin genişləndirilməsi, eləcə də tranzit və ixrac-idxal daşımaları üçün optimal nəqliyyat şəraitinin təmin edilməsi məqsədilə koordinasiyalı siyasət həyata keçirilməsinə yönəlib.

Tərəflər dəmir yolu sahəsində əməkdaşlığı, o cümlədən milli dəmir yolu şirkətlərinin nəqliyyat və tranzit potensialının artırılmasını, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutu çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa marşrutları, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolunun infrastrukturu vasitəsilə Rusiya-Azərbaycan-Türkiyə marşrutu üzrə yük daşımalarının artmasına kömək edəcək tədbirlərin birgə həyata keçirilməsi yolu ilə inkişaf etdirmək niyyətindədirlər.

"Rusiya Dəmir Yolları" ASC ilə "Azərbaycan Dəmir Yolları" QSC "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb marşrutuna və digər marşrutlara konteyner qatarları ilə daşımalar üçün əlavə yüklərin cəlb edilməsi barədə razılığa gəliblər.

Bundan əlavə, şirkətlər öz səylərini Şərq-Qərb istiqamətində tranzit daşımalarının inkişafına, ilk növbədə, Azərbaycanla Çin, eləcə də Çin və digər ölkələr arasında daşımaları Rusiya və Azərbaycan üzərindən həyata keçirilməsinə yönəldəcəklər.

Yüklərin çatdırılma vaxtını azaltmaq üçün sərhəd və gömrük prosedurlarının optimallaşdırılması, o cümlədən elektron məlumat mübadiləsi və elektron şəkildə ilkin məlumatlandırma üzrə işlərin həyata keçirilməsi planlaşdırılır. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizində və digər marşrutlarda perspektiv daşıma həcmlərini nəzərə alaraq, Samur-Yalama sərhəd keçidinin buraxma qabiliyyətininin artırılması üçün infrastrukturun razılaşdırılmış şəkildə inkişaf etdirilməsi də nəzərdə tutulur.

Emil

Teqlər:

SON XƏBƏRLƏR