Azərbaycan yığması dünya çempionatını 7-ci pillədə bitirib
  • İDMAN

  • 15:41 14 Mart 2019

Azərbaycan yığması dünya çempionatını 7-ci pillədə bitirib

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatında başa çatıb. ONA-nın məlumatına görə, kişilərdən ibarət Azərbaycan yığması sonuncu – IX tur çərçivəsində Misirlə üz-üzə gəlib.

Görüş komandamızın 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Qədir Hüseynov rəqibini məğlub edib. Onun komanda yoldaşları Arkadi Naydiç, Rauf Məmmədov və Eltac Səfərli isə heç-heçə oynayıblar. 

Mundialın qalibi adını Rusiya qazanıb. 1 tur öncə çempionluğu rəsmiləşdirən şimal qonşularımız son turda Hindistana qalib gəlməklə, asiyalıları “üçlük”dən kənar qoyub. İkinci yeri İsveçi 3,5:0,5 hesabı ilə məğlub edən İngiltərə şahmatçıları tutublar. Çin isə Qazaxıstana 2,5:1,5 hesabı ilə qalib gəlməklə üçüncü olub. Digər qarşılaşmada ABŞ İran üzərində 3:1 hesabı ilə qələbə qazansa da, 5-ci pillədə qərarlaşıb. 

Son turda əldə edilən qalibiyyət Azərbaycan yığması üçün də faydalı olmayıb. Komandamız xal sayını İrana çatdırsa da, əlavə göstəricilərdə onlardan geri qalıb. 

Dünya çempionatı
IX tur
Azərbaycan - Misir - 2,5:1,5

Arkadi Naydiç - Bassem Amin - 0,5:0,5
Rauf Məmmədov - Əhməd Ədli - 0,5:0,5
Qədir Hüseynov - Adam Fevzi – 1:0
Eltac Səfərli - Abdulrəhman Heşam - 0,5:0,5

Turnir cədvəli: 1.Rusiya - 16 xal, 2.İngiltərə - 13, 3.Çin - 12, 4.Hindistan, 5.ABŞ - 11, 6.İran, 7.Azərbaycan - 8, 8.Qazaxıstan, 9.İsveç - 4, 10.Misir - 3.