• İQTİSADİYYAT

    18:33 29 mart 2019

Azərbaycana birbaşa investisiyalar formasında xaricdən 4,1 mlrd. dollar sərmayə cəlb olunub

Birbaşa investisiyalar formasında xaricdən cəlb olunmuş sərmayələrin ümumi məbləği 4,1 mlrd. dollar olub.

ONA-nın məlumatına görə, bu barədə Mərkəzi Bankın 2018-ci ilin yekunu üzrə Azərbaycan Respublikasının Tədiyə balansı hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, ölkə iqtisadiyyatına yatırılmış birbaşa investisiyaların strukturunda neft-qaz sektorunun xüsusi çəkisi 76,5% təşkil edib.

2018-ci ildə tədiyə balansında birbaşa investisiyalar maddəsinin neft-qaz sektoru üzrə xalis maliyyə öhdəliklərinin (952,9 mln. dollar) artımı cəlb olunmuş investisiya ilə (4 109,1 mln. dollar) kapitalın repatriasiyası (3 156,2 mln. dollar) arasındakı fərqdən formalaşır.

Qiymətləndirmələrə görə, qeyri-neft sektoruna cəlb olunmuş birbaşa investisiyaların ümumi məbləği 967,1 mln. dollar olub.

Hesabat dövründə, neft-qaz sektoru üzrə 2,9 mlrd. dollar məbləğində kəsir, qeyri-neft sektoru üzrə isə 390 mln. dollarlıq profisit yaranıb. Nəticədə, ilkin gəlirlər balansında kəsir əvvəlki ilə nisbətən 40% artaraq 2,5 mlrd. dollar təşkil edib.

Qeyd edək ki, Azərbaycanın neft-qaz sektoruna cəlb olunmuş investisiyaların həcmi, strukturu, investorlar arasında pay bölgüsü və qoyulmuş sərmayələrin sonradan gəlir və kapital formasında ölkədən çıxarılması (repatriasiya) müvafiq beynəlxalq neft-qaz sazişlərinə və Beynəlxalq Valyuta Fondunun tövsiyələrinə əsasən həyata keçirilməkdədir.

Bağlanmış müqavilələr əsasında gəlirlərin "repatriasiyası" dövr ərzində xarici investorun yatırdığı investisiyadan əldə etdiyi gəlirdir. Bu sazişlərə əsasən müvafiq konsorsiumlarda olan payçılar hesabat dövrü ərzində Azərbaycan iqtisadiyyatına qoyduqları investisiyaların hamısını hasil edilən və ixrac olunan xam neft şəklində geri götürürlər (kapitalın repatriasiyası). Bu əməliyyat faktiki olaraq tədiyə balansının maliyyə hesabında ölkənin birbaşa investisiyalar üzrə xarici öhdəliklərinin azalması deməkdir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR