Bu ilin yanvar-mart aylarında Azərbaycana dünyanın 157 ölkəsindən 610,8 min və ya 2018-ci ilin analoji dövrü ilə müqayisədə 2,9% az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
ONA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, gələnlərin 28%-i Gürcüstan, 27,4%-i Rusiya, 11,3%-i Türkiyə, 9,2%-i İran, 3,5%-i Birləşmiş Ərəb Əmirlikləri, 1,8%-i Ukrayna, 1,7%-i Hindistan, 1,4%-i İraq, 15,6%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 70,1%-ni kişilər, 29,9%-ni isə qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə ölkəyə gələnlərin sayında daha çox azalma Qətər (48,5%), İran (43,4%), İsrail (41,7%), Birləşmiş Ərəb Əmirlikləri (28,1%) və İraq (24,8%) vətəndaşları arasında qeydə alınıb.
Bununla yanaşı, Misirdən gələnlərin sayı 2,3 dəfə, Hindistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,8 dəfə, Türkmənistandan - 1,6 dəfə, Pakistandan - 1,5 dəfə, Çindən - 46,1%, Yaponiyadan - 32,5%, Gürcüstandan - 22,9%, Omandan - 17,4% artıb.
Bu ilin yanvar-mart aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,8 faiz artaraq 19,1 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 33,1 faiz azalaraq 106,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,1 faiz azalaraq 202,3 min nəfər olmuşdur.
Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 64%-i dəmir yolu və avtomobil, 35,2%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.
Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,9% artaraq 1 215,7 min nəfər olub. Gedənlərin 66,5%-ni kişilər, 33,5%-ni qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 84,2%, Gürcüstana gedənlərin sayı 12,7%, Rusiyaya gedənlərin sayı 7,4%, Türkiyəyə gedənlərin sayı isə 3% artıb.
Cari ilin yanvar-mart aylarında xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 83,6%-i dəmir yolu və avtomobil, 15,6%-i hava, 0,8%-i isə su nəqliyyatından istifadə edib.