Bu ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 52 ölkəsindən 364,2 min və ya 2018-ci ilin analoji dövrü ilə müqayisədə 3,3% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. ONA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 29,8%-i Gürcüstan, 27,6%-i Rusiya, 12%-i Türkiyə, 5,8%-i İran, 3,6%-i BƏƏ, 1,8%-i Ukrayna, 1,7%-i Hindistan, 1,5%-i Pakistan, 1,4%-i İraq, 14,7%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 72%-ni kişilər, 28%-ni isə qadınlar təşkil edib.
Azərbaycana cari ilin yanvar-fevral aylarında gələnlərin sayında daha çox artım Misir (2,8 dəfə), Hindistan (1,8 dəfə), Pakistan (1,8 dəfə), Türkmənistan (1,6 dəfə), Macarıstan (47,7%), Çin (32,7%), Yaponiya (32,3%), Oman (24,4%), Cənubi Koreya (23,8%), Gürcüstan (23,7%) və Polşa (21,3%) vətəndaşları arasında qeydə alınıb.
2019-cu ilin yanvar-fevral aylarında Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,6% artaraq 11,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,9% azalaraq 121,9 min nəfər olub.
Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 63,9%-i dəmir yolu və avtomobil, 35,2%-i hava, 0,9%-i isə su nəqliyyatından istifadə edib.